Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib


“Nyu Layf” Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, F.Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovla cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər - Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri - H.Məmmədovun ölümünə səbəb olublar.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

F.Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, mərkəzə getmək istəyən xəstələrin heç biri ondan icazə istəməyib:

“Ümumiyyətlə, mənim belə bir səlahiyyətim olmayıb ki, kiməsə göstəriş verim, orada qalıb-qalmamasını müəyyən edim. Heç kim də məndən getmək barədə icazə istəməyib. Mənim belə bir hüququm da olmayıb ki, kimisə orada məcbur saxlayım. Mən ancaq müalicə tədbirləri ilə bağlı məsləhətlər görmüşəm. Xəstələrlə, ümumiyyətlə, ünsiyyətdə olmurdum”.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, F.Əliyevin barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Cinayət işində adı keçən O.Heydərov, E.Hüseynov, F.Rzayev, S.Əliyev və Q.Həsənovun cinayət işi ayrıca icraatda araşdırılıb. Bu şəxslərin də cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə baxılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}