Azərbaycanda 13 sahibkar dövlət zəmanətilə aldığı krediti qaytarmaq istəmir


Azərbaycanda bəzi sahibkarlıq subyektləri dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə öz borc öhdəliklərini yerinə yetirmirlər. Nəticədə müvəkkil banklar qarşısında zamin qismində çıxış edən Maliyyə Nazirliyi həmin borcu qaytarmalı olur.

Bunu  nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illərdə müvəkkil kredit təşkilatları 2 628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayırıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub.

Qeyd olunan dövrdə 13 sahibkarlıq subyekti 2 banka kreditlərin qaytarılmasını təmin etməyib. Nəticədə, şərtlərə uyğun olaraq dövlət zəmanəti çərçivəsində həmin banklara “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”ndan 658,2 min manat vəsait ödənilib. Bu dövlət zəmanəti ilə təmin olunan ümumi kredit məbləğinin 0,23%-ni təşkil edir”, - deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi əlavə edib ki, dövlət zəmanəti ilə sahibkarlara yuxarıda qeyd olunan təşviq sxemi çərçivəsində bankların ayırdığı kreditlərin 1 yanvar 2023-cü il tarixinə 280,4 milyon manatı və yaxud 56%-i banklara kredit müqavilələrində nəzərdə tutulan vaxtda qaytarılıb.

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” 9 iyul 2020-ci il tarixli qərarına əsasən, kredit təşkilatlarının sahibkarlara ayırdığı, ümumi məbləği 500 milyon manata qədər olan kreditlərin 60%-nə (300 milyon manat) dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}