Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Elşən Əliyev bildirib ki, 11 saylı cəzaçəkmə müəssisəsində müəllim işləyir: "Özüm cəzaçəkmə müəssisəsində məhbuslara dərs deyirəm. Adım "Şahbulaq" MMC şirkətində gedib. Tikinti məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müqavilə bağlamışam. Təsisçi Şahin Hüseynov mənim adımı ora yazdırsa da, heç bir fəaliyyətim olmayıb. Sadəcə, müqaviləyə imza atmışam. Təsisçi Şahin Hüseynov idi, məni direktor kimi rəsmiləşdirmişdi. Müqaviləni bağlayandan sonra mən vəzifədən istefa verdim. Heç bir maliyyə işinə qarışmamışam. Sonradan bilmişəm ki, 12 min 358 manatlıq müqaviləyə qol çəkmişəm". Digər şahid İlqar Namazov isə bildirib ki, "Parlament BT" şirkəti təsis edib: "Sonradan işim alınmadı, MMC-ni Ramazan adlı şəxsə 300 manata satdım. Sonradan həmin şirkətin nə işlə məşğul olduğundan xəbərsizəm". Şahid İbrahim İsmayılov isə deyib ki, 23 yaşayış evi tikiblər: "Həmin evlərin hər birinə görə Natiq Əzizova 3 min manat vermişik. Ümumilikdə, nazirliyə 69 min manat vermişik. Bizdən xahiş etdilər ki, formal müqavilə imzalayaq, 345 min manat pul çıxaraq. Mən də razı oldum". Şahid Elçin Əliyev bildirib ki, Dövlət Əmək Müfəttişliyinin Ucar rayon şöbəsinin rəisi işləyib: "İndi də regional şöbənin rəisi işləyirəm. İşlədiyim dövrdə 120-130 yoxlama aparmışam. Yoxlamaların 80 faizində cərimələr yazmışam. Dövlət Əmək Müfəttişiliyinin sədr müavini Anar Quliyevin sürücüsünə il yarım ərzində 800 manat qəzet abunə haqqı vermişəm". E.Əliyevin ibtidai istintaqa ifadəsi elan olunub. İfadədə bildirilir ki, o yoxlamalardan götürdüyü puldan 800 manat Anar Əliyevə verib. E. Əliyev bildirib ki, yoxlama zamanı obyektlərdən pul almayıb: "Anar müəllim arada deyirdi ki, sürücüyə 150 manat ver, verirdim, 200 manat ver, verirdim. Pulları əməkhaqqından da verirdim, özümdə də olurdu, verirdim". Şahid Cəfər Hacıyev isə deyib ki, ibtidai istintaqa ifadəsini təsdiqləyir. C.Hacıyev ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, Emil Allahverdiyev Nizami rayonunda iri müəssisələrin hər birindən 20 min manat alırdı. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Facebook-da paylaş