Rəşad Dağlı Bakı İstintaq Təcridxanasına köçürülüb
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülüb. Şəffaflıq.az-ın məlumata görə, meyxanaçı noyabrın 11-dən təcridxanada saxlanılır. Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Facebook-da paylaş