Azərbaycanlı tələbələr ilk dəfə Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin finalına çıxıblar



Azərbaycan ilk dəfə “ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələsində təmsil olunacaq.

ADA Universitetinin tələbələri İbrahim Tağızadə, Ülvi Aslanlı, Ayxan Ağayevdən ibarət komanda Mixail Medvedevin rəhbərliyi ilə 46-cı “ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, bu Azərbaycan komandasının final mərhələsində ilk iştirakı olacaq. Final mərhələsi 2023-cü ildə Misir Ərəb Respublikasında keçiriləcək.

“ICPC – Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi” 1977-ci ildən mütəmadi olaraq keçirilir. 44-cü ICPC statistikasına görə son müsabiqədə 104 ölkənin 3 406 ali təhsil müəssisəsindən 58 962 (19 654 komanda – hər komandada 3 tələbə) iştirak edib. Bu komandalardan 118-i final mərhələsinə qədər yüksəlib.

Müsabiqə 3 mərhələdə keçirilir. Birinci mərhələ (1/4 mərhələsi) hər ölkə daxilində keçirilir (bəzən 1/8 mərhələsindən başlayır). Müvəffəqiyyət qazanan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinal mərhələsi dünya üzrə paylanmış regionlarda keçirilir və hər regiondan reytinqə görə müəyyən sayda (3-16) komanda final mərhələsinə vəsiqə qazanır. Ümumilikdə final mərhələsində 140-a qədər komanda (hər universitetdən yalnız bir komanda finala vəsiqə qazana bilir) iştirak edir. Final mərhələsi konkret bir ölkədə keçirilir (44-cü ICPC finalı Rusiyanın Moskva şəhərində keçirilib). Final mərhələsində 12 medal (4 qızıl, 4 gümüş və 4 bürünc) qazanılır.

Ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Bu müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra İnformasiya Texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şirkətləri tərəfindən (“Google”, “Amazone”, IBM, “Microsoft”, “Apple”, “Yandex”, “Facebook”, “Linkedin” və s.) iş təklifi alırlar. Müsabiqə həmçinin dünya universitetləri arasında bir yarışdır. Universitetlərin tanınması və təhsil səviyyəsinin (Kompüter elmləri və İT ixtisasları üzrə) göstəricisidir. Həmçinin universitetlər arasında bu sahədə əməkdaşlıq vasitəsidir.

Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2003-cü ildən etibarən mütəmadi olaraq iştirak etməkdədirlər. İndiyə qədər Qafqaz Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan-Fransa Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti komandaları müsabiqənin yarımfinal mərhələsində iştirak edib.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}