İsmayıllı rayonunda növbəti ZƏFƏR FORUMU keçirildi Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub.-FOTO


İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Şəffaflıq.az xəbər verir ki, Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.


Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.


Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.


İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov forum iştirakçılarını salamlayıb. Bildirib ki, Vətən müharibəsində  Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” çağrışına qoşularaq rəşadətli Azərbaycan Ordusuna  həmrəyliklərini nümayiş etdirən İsmayıllılar həm ön, həm arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək sona kimi Ali Baş Komandana dayaq oldular. Xalqımızın şanlı qələbəsi ilə yekunlaşan müharibə dövründə ismayıllılar orduya dəstək aksiyaları keçirərək yardım karvanı yolladılar. Məhz bu həmrəyliyin, milli birliyin nəticəsində Azərbaycan xalqı "dəmir yumruq” kimi birləşdi və düşmən üzərində qələbə qazandı. 



Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər birimiz bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımızın şahidi olacayıq. Bu danılmaz həqiqətdir ki, Prezident seçildiyi ilk gündən cənab İlham Əliyev Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etdi və vədinə sadiq qalaraq xalqımızı qalib xalqa çevirdi, bütün dünyaya Azərbaycan ordusunun  gücünü göstərdi. 


İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.


Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.


Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.
Qeyd edək ki, növbəti forumlar Sabirabad və Bakıda keçiriləcək.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}