“Bakı Ayaqqabı Fabriki” investisiya müsabiqəsinə çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85%-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Şəffaflıq.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun elan olunub. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 471 ünvanında yerləşən fabrikin nominal dəyəri 2 manat olan 3 337 012 səhmi (6 674 024 manatlıq) satışa çıxarılıb. İddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 5 milyon manatlıq investisiya proqramı təqdim etməli, yeni iş yeri yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir. Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə azı 3,2 milyon manat vəsait köçürməlidir. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir. Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə bu link vasitəsilə tanış olmaq mümkündür. https://clck.ru/32PbXM İddiaçıların ərizə və təklifləri noyabrın 17-nə qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) qəbul ediləcək. Komissiya müsabiqə təkliflərini noyabrın 18-i, saat 11:00-dan başlayaraq həmin ünvanda qiymətləndirəcək.
Facebook-da paylaş