Dövlət başçısı: "Azərbaycan və Pakistan daim bir-birinin yanındadır"
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşdə əlaqələrimizin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın və Pakistanın daim bir-birinin yanında olduqlarını diqqətə çatdırıb. Şəffaflıq.az-ın xəbərinə görə, dövlət başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyib. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuz illik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.
Facebook-da paylaş