QHT nümayəndəsi: "İnanıram ki, Laçında bir çox layihə həyata keçirəcəyik"
"İnanıram ki, QHT-lər Laçında bir çox layihə həyata keçirəcək". Şəffaflıq.az xəbər verir ki, bunu QHT nümayəndəsi Anar Xəlilov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Laçınla bağlı keçirilən toplantıda deyib. O, şuşalı olsa da, Laçına tez-tez getdiyini bildirib: "Laçının gözəl təbiəti var idi. Nəzərə almaq lazımdır ki, Azərbaycanın güclü ordusu var və ölkəmiz günü-gündən inkişaf edir. Bundan sonra Laçının daha da inkişafı üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyindən əminəm". Milli QHT Forumunun sədri Rauf Zeyni vurğulayıb ki, Azərbaycan xalqının 30 ildir həsrətinə son qoyuldu: "Hər zaman inamımız var idi ki, bir gün gələcək torpaqlarımız işğaldan azad olunacaq. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin real nəticəsi bu gün özünü büruzə verdi. Tək Azərbaycanda yaşayanlara deyil, həm də dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlılara göz aydınlığı düşür. Bu gün sevincdən qürurlanmağa tam haqqımız var. Bu ruhda davam etmək lazımdır". QHT nümayəndəsi Radə Abbasova Laçının Azərbaycanın gözəl turizm bölgəsi olduğunu xatırladıb: "Bütün diqqətimiz Laçında olmalıdır. Çünki ermənilər heç vaxt düşmənçiliyə son qoymayacaq. Onların bütün xislətlərinə bələdik. Ona görə də bütün gücümüzdən istifadə etməliyik".
Facebook-da paylaş