Gündəmi silkələyən açıqlama – Siyavuş Novruzov niyə belə dedi?

  Həmkarları Novruzovu müdafiə etdi; Elman Məmmədov: “Mən Siyavuş müəllimlə tamamilə razıyam, onun mövqeyini müdafiə edirəm”
YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a eks-nazirlər barədə verdiyi sensasiyalı açıqlamasına bəzi sabiq nazirlərdən reaksiya gəlib. Belə ki, sabiq təhsil naziri Misir Mərdanov demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil. “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”, – eks-nazir bildirib. M.Mərdanov keçmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib.
Sabiq nəqliyyat naziri Ziya Məmmədov isə səsləndirilən ittihamlarla bağlı sfera.az-ın sualına cavab verib. Eks-nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.
İstisnalar olsa da, əksər sabiq nazirlər hələ də susurlar. Onların bəziləri mətbuatın israrlı telefon zənglərinə də cavab vermir. Ancaq S.Novruzov bəyan edib ki, mövqe bildirməsələr, davamı onlar üçün yaxşı olmayacaq. YAP funksionerinin qəfildən belə bir açıqlama ilə çıxış etməsi, üstəlik, masanın üstündə səsləndirdiyi ittihamları əsaslandırmaq üçün faktların olduğunu bildirməsi ilgincdir. YAP rəhbərliyinə daxil olan komitə sədrinin belə həssas məsələni əsassız yerə ictimailəşdirmədiyinə şübhə edənlər azdır. Hətta hesab olunur ki, bu məsələ partiya rəhbərliyi ilə də müzakirə olunduqdan sonra mətbuata çıxarılıb.
 Bəzi mənbələr bildirir ki, böyük sərvətlər toplayan və vəzifədən çıxarıldıqdan sonra gözə görünməyən bəzi sabiq məmurların potensial təhlükə olduğunu hakimiyyətdə də yaxşı bilirlər. Onların bəzilərinin hətta ailə-uşağını da ölkədən çıxardığı iddia olunur. Təsəvvür edin, hakimiyyətdə təmsil olunduğu zaman S.Novruzov demişkən, milyardlara sahib olan bu şəxslər indi uzaqlara çəkilib, “söyüş müxalifəti” ilə üz-üzə qalan mövcud iqtidarı isə bir qrup fəal, hakimiyyətin sadiq müdafiəçiləri olan dövlət xadimləri, yaxud media mənsubları müdafiə edir.
 YAP-çı deputat Tahir Rzayev həmkarı Siyavuş Novruzovun vəzifədən gedən nazir və məmurlarla bağlı son açıqlamasına dəstək çıxıb.  “Etikxeber”ə açıqlamasında bir çox hallarda məhz hakim partiyada təmsil olunmuş həmin sabiq nazirlərə, vaxtilə vəzifə tutmuş o şəxslərə görə təhqir olunduqlarını bildirib. “Biz də vətəndaşıq, biz də insanıq. Biz niyə təhqir olunmalıyıq, niyə söyülməliyik? Bir çox hallarda da məhz onlara görə!!! Onların özlərinin ünvanına nə qədər sözlər deyirlər” – deyən deputat vurğulayıb ki,  onlar özləri heç olmasa özlərini müdafiə etsinlər. “Düzünü deyim ki, mənim əlimdə hakim partiya üzvü olan sabiq nazirlərlə bağlı hansısa faktlar  yoxdur. Amma Siyavuş müəllimin sözünə, dediklərinin əksəriyyətinə haqq qazandırıram. Çünki bu adamlar-sabiq nazirlər uzun müddət bu dövlətdə, bu hakimiyyətdə, hökumətdə təmsil olunublar, bunlar insanlar arasında olublar. Bunların vəzifədən çıxandan sonra birdən-birə istər ictimai həyatdan, ictimai səhnədən çəkilmələri və gedib oturub susqunluq göstərmələrini düzgün qəbul eləmirəm. Nə olar nazir vəzifəsindən çıxanda, bir vətəndaş kimi dünyada baş verən hadisələrə, ölkədə baş verən proseslərə öz münasibətlərin bildirməlidirlər” – deyə YAP-çı deputat sözlərinə əlavə edib.
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarı Siyavuş Novruzovun ittihamlarına münasibətini bildirərkən deyib ki, insan ona çörək verən, onu vəzifəyə irəli çəkən, onu yüksəldən, tanıdan şəxsə, hakimiyyətə daim sadiq və sədaqətli olmalıdır. “Hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq. İndi necə ola bilər ki, biz onlara, dövlətimizə sadiq və sədaqətli olmayaq? Vəzifədən getdinsə, bir qədər kənarda qaldınsa, nə bilim, pişik asqırdısa, o zaman sənə çörək verənə, səni tanıdana qarşı çıxacaqsan, ona arxa çevirəcəksən? Mən bunu heç cür qəbul etmirəm və ömrüm boyu da etmərəm. İstər vəzifədə ol, istərsə də olma, hər zaman sədaqətli və sadiq olacaqsan. İnsan çörəyi, yaxşılığı heç zaman unutmaz, xüsusilə də vəzifədən gedəndən sonra. Mənim düşüncəm, həyat fəlsəfəm bundan ibatətdir…”-deyə, H. Rəcəbli sonda sözlərinə əlavə edib.
“Çox sağ olsun Siyavuş Novruzovu ki, bu məsələni gec də olsa gündəmə gətirdi”.
 Bunu sabiq maliyyə naziri Fikrət Yusifov teleqraf.com-a bildirib. O qeyd edib ki, cəmiyyətin gözü tərəzidir, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir: “Vaxtilə dövlətin milyardlarla manat vəsaitini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də vəzifədən getdikdən sonra belələrinin 9/10-u avtomatik olaraq hakimiyyətə müxalif olurlar. Çünkü hakimiyyət vəzifədən çıxarmaqla onları böyük qazanc mənbəyindən məhrum edib. Belələri vəzifədən gedəndən sonra hakimiyyətə dost ola bilərmi? Onların normal əqidəsi olsaydı, dövlətin malını, pulunu talamazdılar. Talayıblarsa, deməli xəyanət ediblər. Xəyanət ediblərsə, deməli, onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər”.
F.Yusifov qeyd edib ki, bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır: “Ona görə mən dəfələrlə təklif etmişəm ki, onların taladıqları pulları hakimiyyət geri qaytarmalıdır. Əks halda, bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Bu adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən oğurladıqları pulları geri qaytarmaqdır. Əks halda, onları bu yoldan heç kim çəkindirə bilməyəcək”. YAP-çı deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında həmkarının fikirlərini müdafiə etdi: “Siyavuş müəllim bu məsələdə haqlıdır. Əgər həmin keçmiş nazirlər bu iqtidarda təmsil olunublarsa, deməli, eyni zamanda hakim partiyanın üzvləri, həmçinin YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri olublar. Həmçinin işlədikləri müddətdə dövlətdə təmsil olunublar, bu dövlətdən, iqtidardan bəhrələniblər, yüksək maaş alıblar, hörmətli şəxs olublar. Siyavuş müəllim deyən kimi, yəqin əlavə gəlirləri də olub, bəhrələniblər, həmçinin xaricdə, daxildə xeyli mal-mülk sahibi olublar. Bir sözlə, dolanışıqları yaxşı olub, firavan yaşayıblar. Bu gün də mən onların içərisində eləsini tanımıram ki, pis vəziyyətdə, təminatsız yaşasın. Keçmişdə nazir olanların hamısı bu gün də yüksək səviyyədə yaşayır. Əgər belədirsə, bəli, onlar dövlətçilik nöqteyi-nəzərindən mövqelərini bildirməlidirlər, dövləti, dövlətçiliyi, iqtidarı müdafiə etməlidirlər, sözlərini deməlidirlər. Onda belə çıxır ki, kimsə vəzifədədirsə, yalandan, gerçəkdən danışır, dövləti müdafiə edir, ancaq vəzifədən uzaqlaşdırılandan sonra deyir ”mən buralı deyiləm?” Təbii ki, belə yaramaz! Mən Siyavuş müəllimlə tamamilə razıyam, onun mövqeyini müdafiə edirəm”. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}