Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul edib
Şəffaflıq.az xəbər verir ki, Karen Donfrid ABŞ Dövlət katibi Entoni Blinkinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Entoni Blinkinə çatdırmağı xahiş etdi.
Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edildi, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirildi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.
Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğuladı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Facebook-da paylaş