Vitse-prezident: “AMEA-ya etimad yoxdur”


 

“TEKNOFEST Azərbaycan” festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur”.

Şəffaflıq.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi Qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.

Akademiyanın Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunan xüsusi iclasında çıxış edən akademik bildirib ki, AMEA festivalda Azərbaycanın intellektual məfhumu kimi təqdim edilməyib:

“Bu əhvali-ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətlərində böyük nailiyyətlər əldə edib. Amma burada hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq”.

“Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var idi. Burada təşkilati, inzibati, maliyyə, institusional tədbirlərin görülməməsi kimi məqamları müşahidə etdik. Sanki biz bu proseslərdən kənarda qalmışdıq. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Rəyasət Heyətinin tərkibində bu istiqamətdə işlərlə məşğul olan insanlar olmalıdır. Müvəqqəti yaradılan İşçi Qruplarla bu məsələlər həll oluna bilməz. Söhbət bilik iqtisadiyyatının formalaşdırılmasından gedir. İşimizi bazar iqtisadiyyatının tələblərinə uyğun qurmalıyıq.


Ölkələrarası biznes-forumlarda iştirak etmək, görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq olduqca vacibdir. Ətrafımızda bir sosial texnoloji mühit yaranır, biz bundan kənarda qala bilmərik”, - akademik vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}