Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının iclası olub.
Şəffaflıq.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev icra olunan sosial dəstək proqramları barədə məlumat verib.
O, Prezident İlham Əliyevin “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcəyini qeyd edib.
Övladlığagötürmə sahəsində olduğu kimi, qeyd olunan sahədə də e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və xidmətlər sisteminin fəaliyyət göstərəcəyini, himayədar ailə üzrə xidmətlərin də e-qaydada təqdim olunacağını bildirib.
“Himayədar ailə” modelinin tətbiqində əsas məqsədin valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaratmaq olduğu vurğulanıb.
Bu modelin tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işlərinin aparıldığı qeyd olunub. Artıq 18 qanunvericilik aktına dəyişiklik layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi, müvafiq sahədə çalışacaq əməkdaşlar üçün təlimlər keçirildiyi diqqətə çatdırılıb.
Uşaqların dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı sosial dəstək mexanizmlərinin də hazırlanmaqda olduğu bildirilib.
56 min iş yerini əhatə edən ödənişli ictimai işlər proqramından, həmin işlərdə şəffaflığın təmin edilməsi istiqamətində görülən tədbirlərdən bəhs olunub.
İctimai işlər proqramın fəaliyyət sahələri üzrə şaxələndirilməsinin davam etdirildiyi, proqram üzrə artıq 20-yə yaxın qurumla birgə layihələr icra olunduğu, bu layihələr üzrə ictimai işlərin növlərinin əhəmiyyətli dərəcədə artırıldığı bildirilib. Bununla da proqrama cəlb olunan, peşə və ixtisası olmayan işçi qüvvəsinin müxtəlif layihələr əsasında çalışdıqları fəaliyyət sahələri üzrə ilkin peşə bacarıqlarına yiyələnməsinə də imkan yaradıldığı vurğulanıb.
Qeyd olunub ki, nazirlik və qurumları tərəfindən bu ilin yanvar-aprel aylarında 586 minədək vətəndaşın qəbulu həyata keçirilib. Onlardan 20 mindən çoxu nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, digərləri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.
Nazirlik tərəfindən müvafiq fəaliyyət sahələrinə dair normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub. Bu ilin 4 ayında nazirliyə aid sahələr (pensiya, məşğulluq, əmək qanunvericiliyi və s.) üzrə 160-dək normativ hüquqi aktın layihəsinin hazırlandığı, 70-dək aktın təsdiq edildiyi diqqətə çatdırılıb.
İclasda daha 12 yeni peşə və kvalifikasiya standartının layihələri də müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə son illərdə hazırlanaraq təsdiq edilən həmin standratların sayının artıq 1000-i ötdüyü qeyd edilib.
Habelə daxili nəzarət və audit, ictimaiyyətlə əlaqələr, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və s. sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
Facebook-da paylaş