“2022 Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində Şamaxıda “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri baş tutmuşdur
Şəffaflıq.az xəbər verir ki, 20 may 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şamaxıda yerləşən E. Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyev və digər qonaqlar iştirak etmişdir.
Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilmiş, yeni biliklər aşılanmışdır. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlamış, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilmişdir. Qeyd etmək istərdik ki, bu il silsilə şəkildə keçiriləcək bu tədbirlərdən ilk artıq fevral ayında Bakıda baş tutmuşdur.
Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.Eyni tədbirin Azərbaycanın digər regionları daxil olmaqla, 2 başqa təhsil müəssisəsində (Bakı və Şəki) keçirilməsi planlaşdırılır.
Dəyanət İsmayılov.
Şamaxı şəhəri
Şəffaflıq.az
Facebook-da paylaş