Nazirlik əlilliyin yeni meyarlarını şərh edib


 

Nazirlər Kabineti ötən gün əlilliyin müəyyən edilməsinə dair yeni meyarları təsdiqləyib.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov deyib ki, Nazirlər Kabinetinin sözügedən Qərarı Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli Fərmanının 3.1.1. yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Qərara əsasən, yeni “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilib:

“Yeni meyarlarla əlilliyin qiymətləndirilməsi ənənəvi üç dərəcə üzrə məhdud çərçivədə deyil, daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Belə ki, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi; II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi; III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək.

Həmçinin sağlamlıq imkanlarının məhdudluğu da bu əsasda təyin olunacaq. Bu ilin iyulun 1-dən qüvvəyə minəcək meyarlara əsasən əlilliyin qiymətləndirilməsi Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəxidmət, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla aparılacaq”.

Fazil Talıbov deyib ki, qərara əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq dörd il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək:

“Yeni “Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}