Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür. Bu münasibətilə şairin doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində anım tədbiri təşkil olunub.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Heydər Əliyev Fondunun məsul işçisi, Yazıçılar Birliyinin sədri Anar, birliyin üzvləri, şairin qələm dostları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və şairin ailə üzvləri iştirak edib.
Əvvəlcə şairin ruhuna yasin oxunub, dualar edilib.
Tədbirdə çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salıblar. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Musa Yaqubun yaradıcılığından söz açılıb. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, onun hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub, önünə əklil qoyulub.
Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şeirlər səsləndiriblər.
Şairin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Şəffaflıq.az
Facebook-da paylaş