"Neftçi"nin futbolçusu: "Hədəfimiz final yox, çempionluqdur"

 "Mən “Neftçi”nin yetirməsiyəm və bilirəm ki, bu klubun kubokdakı hədəfi final yox, çempionluqdur".
Şəffaflıq.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibəsində "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
21 yaşlı yarımmüdafiəçi titula sahib olmaq üçün sonadək mübarizə aparacaqlarını bildirib.
Zülfüqarlı öz oyunu barədə də danışıb: "Keçən mövsüm yalnız 2 matçda meydana çıxmışdım. Bu da Samir Abasovun gəlişindən sonra olmuşdu. Yay hazırlığından sonra baş məşqçimiz mənə daha çox şans verdi. İndi də bacardığım qədər çox şans qazanmağa çalışıram. Mübarizəni sevdiyim üçün daha çox oynamağa çalışmaq həm də mənim üçün əlavə motivasiyadır".
Yarımmüdafiəçi "Səbail"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur oyunundan söz açıb: "Həm qələbə qazandığımıza görə, həm də bunda mənim az da olsa, payımın olmasına sevinirəm. Düşünürəm ki, komandama daha çox kömək edə bilərəm. Bunun üçün çalışır və oyundan-oyuna daha yaxşı olacağıma inanıram".
O, son olaraq komandanın azarkeşləri barədə fikirlərini bölüşüb: “Neftçi” deyəndə, həmişə azarkeşlərin dəstəyi də yada düşür. Bu isə bizi oyundan-oyuna qələbə qazanmağa həvəsləndirir. “Əynimdə formam, boynumda şərfim, bitməyəcək sənin ağ-qara sevgin!” sözləri heç vaxt tribunalardan əskik olmasın".
"Neftçi" və "Zirə" komandaları arasındakı cavab matçı aprelin 29-da "Bakcell Arena"da olacaq. Zirədəki ilk qarşılaşmada hesab açılmayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}