Akademikdən AMEA ilə bağlı VACİB TƏKLİF
“Dövlətin elm siyasətini icra edən ali dövlət qurumu kimi AMEA-nın statusu yüksəldilməlidir”.
Şəffaflıq.az xəbər verir ki, bu təklifi AMEA-nın hesabat iclasında akademik Dilqəm Tağıyev irəli sürüb.
Onun sözlərinə görə, real təsirə və maliyyə imkanına malik, bilavasitə dövlət başçısının tabeliyində yaradılması məqsədəuyğun olan Ali Elm Şurası islahatlara rəhbərliyi, nəzarəti və məqsədli maliyyə dəstəyini təmin edə bilər:
“Elmə münasibət inkişaf etmiş ölkələrdə olduğu kimi praqmatik olmalıdır. Elmin gəlir gətirməsi üçün ona dövlət sifarişləri, elm-istehsalat simbiozları və xüsusi fondlar vasitəsilə sərmayə qoyulmalıdır. Laboratoriya nəticələri avtomatik olaraq inqilabi texnologiyalara çevrilmir.
Bunun üçün maliyyə, səbir və vaxt tələb olunur. Elmi nəticələrin maliyyələşməsinə və tətbiqinə isə özəl sektor və biznes maraq göstərmir, hərçənd ki, ÜDM-un 80%-dən çoxu onların payına düşür. Müasir istiqamətlər üzrə gənc və perspektivli fəlsəfə doktorlarında stimul yaratmaq üçün AMEA-da adlı tədqiqat təqaüdləri proqramının təsis edilməsinə ehtiyac var. Elmlər doktoru dərəcəsinin nüfuzlu jurnallardakı məqalə və əsərlər külliyyatına görə müdafiə prosedurunu keçmədən (xüsusən, təbiət elmləri və texnologiyalar sahəsində) verilməsi cavan fəlsəfə doktorlarının tədqiqatları davam etdirməsinə marağı və həvəsi artırar. AMEA əməkdaşlarının əmək pensiyalarının artırılması və optimal yaş həddinin tətbiq edilməsilə gənc elmi kadrların sayının artırılmasına köməklik edər”.
Facebook-da paylaş