Göyçayda maskalı şəxslər zərgərlik mağazasına basqın edərək 60 min manatlıq qızıl aparıb


 

Göyçay rayonunda naməlum şəxslər qızıl mağazasına daxil olaraq soyğunçuluq ediblər.

Şəffaflıq.az xəbər verir ki, bu gün saat 17:30 radələrində Göyçay şəhərinin mərkəzindəki M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibkar Cəbrayıl Abakarova məxsus “Yaqut” adlı qızıl və gümüş əşyaların satışı mağazasına daxil olan iki nəfər maskalı şəxs oradan təxminən dəyəri 60 min manat olan qızıl-zinyət əşyalarını oğurlayaraq qaçıb.

Məlumata görə oğrular qızıl mağazasının sahibi və satıcısı olan Cəbrayıl Abakarovu izləyiblər, onun qonşu mağazaya keçməsindən istifadə edərək dərhal içəri daxil olublar.

Satıcı 5 dəqiqə sonra geri qayıdarkən üzlərinə maska keçirmiş iki nəfər naməlum şəxslə qarşılaşıb, onlar əlindəki tapança ilə Cəbrayıl Abakarovu qorxudaraq mağazadan çıxıblar. Onların küçədə hərəsinin bir istiqamətə qaçdığı deyilir.

Hadisə yerinə dərhal polis əməkdaşları gəlib, hazırda həmin naməlum şəxslərin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın yerli bürosunun sorğusuna cavab olaraq faktı təsdiqləyib, hazırda istintaq tədbirlərinin davam etdirildiyini, hadisə ilə bağlı mətbuata əlavə məlumat veriləcəyini bildirib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}