BDYPİ sürücünün yol polisinin ünvanına səsləndirdiyi iddialara cavab verib
İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Report" a açıqlamasında bildirib ki, sürücünün sosial şəbəkələr vasitəsilə ünvanladığı müraciət qərəzlidir.
"Məsuliyyətdən yayınmaq üçün ictimai rəydə neqativ fikirlər formalaşdıran sürücü müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 342.2.4, 342.1.3, 342.2.2 və digər maddələrin tələblərini - konstruksiya dəyişiklikləri, icazə verilməyən pərdədən və plyonkadan istifadə, dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması qaydalarını pozduğuna görə saxlanılıb. Barəsində qanunauyğun şəkildə tədbir görülüb. Nəqliyyat vasitəsi zavod istehsalı vəziyyətinə qaytarıldıqdan sonra duracaqdan buraxılıb.
Lakin sonuncu dəfə saxlanılan zaman sürücü yenə də idarə etdiyi 99-OS-084 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobil ilə təkrar olaraq eyni qayda pozuntularına yol verib. Avtomobildə icazə verilməyən pərdədən istifadə, dövlət nömrə nişanı olmadan maşını idarə etmək və müxtəlif konstruksiya dəyişiklikləri etməklə kobud şəkildə qaydaları pozub. Dövlət yol polisi sürücünü aşkarlayıb və müvafiq qanun pozuntularına uyğun olaraq avtomobili duracağa yerləşdirilib. Qeyd edək ki, sürücünün 1971 manat məbləğində ödənməmiş cərimələri də var və sürücü bu barədə məlumatlandırılıb".
R.Əhmədli onu da əlavə edib ki, qeyd olunan qanun pozuntularının aradan qaldırılacağı, avtomobilin zavod istehsalı vəziyyətinə qaytarılacağı və 1 971 manat cərimənin ödəniləcəyi təqdirdə avtomobilin duracaqlar buraxılacaq:
"Sürücünün sosial şəbəkələrdə məlum çıxışı və iddiaları haqsızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq, məsuliyyətdən yayınmaq məqsədi güdür".
Facebook-da paylaş