İmtahanlarla bağlı şikayətlər haqda - DİM-dən açıqlama


 

Xarici İşlər Nazirliyində diplomatik xidmət keçmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahana qatılan bir qrup şəxs nəticələrdən şikayətçidir. Bildirilir ki, DİM bu imtahandan əvvəl 100 ballıq test, 20 ballıq (10+10) iki inşa şərti açıqlasa da, imtahandan sonra 100 bal testə və 100+100 bal da inşalara verilib.

Şəffaflıq.az əldə etdiyi məlumatlara əsasən xəbər verir ki, şikayətçilər iddia edirlər ki, inşalar üçün açıqlanan balın imtahandan sonra 10 dəfə artırılması nəticəsində testdən aşağı bal toplamış şəxslər növbəti mərhələyə keçə bilirlər. Onların sözlərinə görə, bu zaman nəticələri konkret olan test imtahanından yüksək bal almış namizədlər qiymətləndirməsi nisbətən subyektiv olan inşadan yuxarı bal yazılmış namizədlərdən arxada qalırlar.

Bəs nəticələr ləğv edilib yenidən imtahan keçirilə bilərmi? 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət etdik. DİM-dən sorğumuza cavab olaraq bildirildi ki, Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, XİN-də diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub: "Test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse. Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. 


Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.

Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi bal ən az 50 müəyyən olunub. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. 


Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub".

Qurumdan verilən açıqlamada bildirilir ki, 100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir: "Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır”.

DİM-dən həmçinin qeyd edilib ki, bir qrup imtahan iştirakçısı bu məsələ ilə bağlı yazılı şəkildə DİM-ə müraciət edib və onların müraciəti müvafiq qaydada cavablandırılıb, qaydalar, tələblər bir daha izah olunub.

Xatırladaq ki, bu il 23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib. İmtahanda 460 nəfər iştirak edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}