Doktorantura və dissertanturaya xarici dil üzrə imtahandan 2 nəfər xaric edilib
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə keçirilib və saat 11:00-da başlayıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahanda baş vermiş hallar barədə bütün protokollar oxunduqdan sonra yekun məlumat veriləcək.
İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb.
İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
Yanvarın 27-dən etibarən imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələri yazı bloku üzrə esselərin yoxlanılması prosesi də başa çatdıqdan sonra, 1 həftə ərzində elan olunacaq.
Qeyd edək ki, namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.
İmtahan iştirakçılarının müraciətlərinə baxılması üçün 27-29 yanvar tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
***
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirir.
DİM-dən APA-ya verilən məlumata görə, doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında ümumilikdə 1504 namizəd qeydiyyatdan keçib. Onlardan 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd alman dili üzrə imtahan verəcək.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-dan 20-dək davam edib.
Facebook-da paylaş