Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA


 

Azərbaycanda güzəştli pensiyaların tətbiq ediləcəyi barədə fikirlər səsləndirilir. Bununla bağlı məsələyə münasibət bildirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, güzəştli pensiyalarla bağlı qanunvericilik təşəbbüsü yoxdur. Nazir müavini qeyd edib ki, hazırda nazirlik daxilində güzəştli pensiyalarla bağlı müəyyən araşdırmalar aparılır.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quluyev bildirib ki, hazırda bu istiqamətdə konkret olaraq qanunvericiliyə hansısa düzəlişin edilməsi nəzərdə tutulmur.

“Bizə də müəyyən müraciətlər daxil olur, kimisi deyir, pensiya yaşını azaltmaq lazımdır, kimisi deyir, pensiya kapitalını azaltmaq lazımdır, kimisi deyir, güzəştli şərtlərlə, tez pensiyaya çıxmaq imkanı vermək lazımdır, kimisi deyir vəfat edən şəxsin pensiya kapitalı digər ailə üzvlərinə də verilməlidir. Belə fikirlər var, ancaq bunların heç birinin qanunvericilik bazasında təsbiti yoxdur.

Azərbaycanda artıq 15 ilə yaxındır ki, pensiya islahatları gedir və müəyyən nəticələr əldə olunub. Pensiyaların təyinatı elektronlaşdırılıb, pensiyaya çıxan zaman vətəndaşdan demək olar ki, heç bir sənəd tələb olunmur, ancaq qarşıda hansı perspektivlər durur, bu nöqtədə dayanmalıyıqmı, yeni islahatlar keçirməliyikmi, pensiya əlçatanlığı daha da yumşaldılmalıdırmı və s. məsələlər var, özəl pensiya fondlarının yaradılması ilə bağlı söhbətlər gedir.

Yəni bütün bunları nəzərə alaraq biz düşündük ki, Milli Məclisin yaz sessiyası ərzində Dövlət Sosial Müdafiə Fondu ilə birgə bir dinləmə keçirək və deputatları maraqlandıran sualları araşdıraq və əgər lazım gələrsə, qanunvericiliyə də dəyişikliklər edək. Ancaq bu gün konkret olaraq ortada bir sənəd yoxdur”, - deyə komitə sədri vurğulayıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}