Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
Şəffaflıq.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Nadir Muxtarov ifadə verib.
O bildirib ki, oğlu sərbəst güləş üzrə Avropa çempionu olub: “Mən özüm də məşqçiyəm. Mərhum Böyükağa Əliyev bir nəfərlə mənim yanıma məşq eləmək üçün gəldi. Danışdıq, getdilər. Bir neçə gündən sonra qətl hadisəsi baş verdi. Hadisənin səhəri günü bu barədə məlumatı polisdən eşitdim. Sonra 3 nəfər gəlib məni apardı.
Hadisə barədə maraqlandım. Dedilər ki, dava düşüb və oğlum adam bıçaqlayıb. Oğlum İbrahimi görə bilmədim. Çünki o, Gürcüstana getmişdi. Daha əvvəl də oğlum adam bıçaqladığı üçün tutulmuşdu və cəzasını çəkəndən sonra azadlığa buraxılmışdı”.
Daha sonra qətlə yetirilən şəxsin anası deyib ki, N.Muxtarov oğlunu həm istintaqdan gizlədib: "Heç olmasa o, hadisə barədə və oğlunun harada olmasını deyərdi. Bizə heç nə demədi. Oğlunu da uzun müddət istintaqdan gizlətdi. Mənim oğlumu tanıyırdı. Çünki oğlum onun yanında işləyirdi. Burada düz danışmadı. Nadir Muxtarov bir dəfə mənim qapıma başsağlığına gəlmədi".
Məhkəmədə şahid qismində Cavanşir Əliyev də dindirilib. O, hadisədən əvvəl restoranda olduğunu, qətl barədə isə səhəri gün eşitdiyini deyib: “İbrahim səhər mənə zəng elədi, xahiş etdi ki, Bərdəyə gedək. Oradan qayıdanda mənə dedi ki, belə bir hadisə olub, bir nəfər onu söyüb, sonra bıçaqlayıb. Özüm də getdim təslim oldum. Bir gündən sonra sərbəst buraxıldım. Daha sonra kafedə yanğın törətdiyim üçün həbs edildim”.
Hakimin sözlərinə görə, şahid ibtidai istintaqa ifadəsində deyib ki, İ.Muxtarova Sumqayıt şəhərində kriminal aləmin üzvü kimi "Vəziyyət İbrahim" deyildi.
Şahid isə bu barədə məlumatsız olduğunu deyib.
Növbəti proses 2022-ci ilin yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.
Facebook-da paylaş