İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun İsmayıllı rayonunun yaranmasının 90 illiyi münasibəti ilə təbriki

  Bu gün Azərbaycanın mirvarisi adlandırılan İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümüdür. İsmayıllı rayonu inzibati vahid kimi 1931-ci il noyabr ayının 24-də təşkil olunub. 90 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır. Bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanması, vətənsevərliyi, dövlət siyasətinə sədaqəti, verilən qiymətə layiq fəaliyyəti ilə seçilir.
İsmayıllıya səfər edərkən Ümummilli Lider Heydər Əliyev demişdir: “İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir.”
Rayonun siyasi tarixində ən əhəmiyyətli mərhələlər  Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllıya səfərləridir. Ümummilli liderin  mübarək səfərləri İsmayıllının ən yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanlar açdı.
İsmayıllının tarixindən bu gününə qayıtdıqda əsl mənada yüksəlişin, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya uyğun sürətli inkişafın, Prezident İlham Əliyevin  sərəncam, tapşırıq və tövsiyələrinin tələblərinə uyğun fəaliyyətin qurulduğunun şahidi olursan.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 noyabr 2021-ci il tarixində İsmayıllıya səfəri zamanı açılışını etdiyi yeni obyektlər – İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binaları, Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri, Basqal-Sulut avtomobil yolunun açılışı rayonun yeni bir tarixi və şərəfli dövrünü yaşadığını sübut edir.
İsmayıllılarda həmişə vətənə sevgi və vətənpərvərlik hisləri güclü olub.  Bunun nəticəsidir ki, Vətən müharibəsində  Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” çağrışına qoşularaq İsmayıllılar həm ön, həm arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək sona kimi Ali Baş Komandana dayaq oldular. Şanlı Qələbəmizlə yekunlaşan bu döyüşlərdə gənclərimiz xüsusi qəhrəmanlıq göstərdilər.
Belə bir rayonda sizinlə çiyin-çiyinə çalışmaq qürurvericidir.
Əziz İsmayıllıar, sizi bu gün münasibətilə səmimi qəlbdən təbrik edirəm, İsmayıllının çiçəklənməsi yolunda birgə daha yaxşı işlərə imza atacağımıza inanıram.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}