Sabirabadda gözətçini öldürən polisin məhkəməsi başlayır

Sabirabad rayonunda qətl törətməkdə təqsirləndirilən Əliağa Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Şəffaflıq.az-ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 30-na təyin edilib.
Qeyd edək ki, bu il iyulun 22-də Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əliağa Sultanov həbs edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}