"Ərim məni fahişəliyə məcbur edirdi" - Bakıda qatil qadından şikayət
Bakıda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucovanın apelyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.
Şəffaflıq.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Vəfa Orucovanın apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.
Məlum olub ki, qadın birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, barəsində yüngül cəzanın təyin olunmasını istəyib.
Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfa Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.
İstintaqa ifadəsində Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.
Bu səbəbdən ər-arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edərək pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.
İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Facebook-da paylaş