Bakıda Vətən müharibəsi şəhidinin anım günü keçirilib

 Bu gün Vətən müharibəsi şəhidi Rövşən Hüseynovun anım günüdür.
Şəffaflıq.az-un xəbərinə görə, bu münasibətlə paytaxtın Binəqədi kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, anım mərasimi keçirilib.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Mərasimdə R.Hüseynovun şərəfli həyat yolundan, vətənpərvərliyindən danışılıb.
Mərasimdən sonra “Həzrəti İmam Əli” məscidində ziyarətçilər üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Rövşən Kazım oğlu Hüseynov 1995-ci il avqust ayının 21-də Bakı şəhərində anadan olub. 2001-ci ildə paytaxt ərazisində yerləşən 115 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2012-ci ildə isə 202 nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə Rusiyanın Stavropol şəhərində yerləşən Qafqaz Xalqlarının Dostluğu İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub. 2017-ci ildə həmin fakültəni bakalavr pilləsi üzrə bitirib.
O, 2017-2018-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmət dövründə göstərdiyi nümunəvi xidmətlərə görə komandanlıq tərəfindən mükafatlandırılıb. 2018-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunub.
R.Hüseynov 2020-ci il sentyabrın 27-də səfərbərliklə bağlı hərbi komissarlıq tərəfindən təkrar xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan R.Hüseynov Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
O, 2020-ci ilin oktyabr ayının 23-də Füzulinin azad olunması uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, R.Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}