Şamaxının Meysəri kəndində “İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib

Sentyabrın 24-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndinə təşkil olunan mediatur çərçivəsində “İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib.
Şəffaflıq.az müxbiri xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova tərəfindən “Azərbaycanda şərab turizmi və şərab marşrutları” mövzusunda keçirilən təqdimatda “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verilib.
O bildirib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək.
Təqdimatda Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodunun mövcud olduğu, beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də bir çox yerli alternativlərlə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyi diqqətə çatdırılıb.
Həmçinin şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə danışılıb, Azərbaycanın şərabçılıq sənayesi,eləcə də ölkəmizdə istehsal olunan şərabların ixrac olunduğu ölkələr haqda məlumatlar təqdim olunub.


 
ATB nümayəndəsi şərabçılıq üzrə rus və ingilis dillərində fəaliyyət göstərən ilk onlayn portal “Azerbaijanwine.az” haqqında jurnalistlərə məlumat verib, portalda Azərbaycanın şərab ənənələri, ən yaxşı şərab təcrübələri və digər mühüm informasiyaların yerləşdirildiyini bildirib.
Təqdimat zamanı KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırıb.
Daha sonra KİV nümayəndələri üzüm və şərab istehsalının mərhələləri ilə yaxından tanış olublar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}