Əfqanıstanda müharibə bitdimi?

 “Taliban” Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlayıb. Ölkənin Baş naziri səlahiyyətlərini Məhəmməd Həsən Axund icra edəcək. O, Əfqanıstanın Qəndəhar əyalətinin Pəncvay rayonunun Paşmul yaşayış məntəqəsində anadan olub. Onun rəhbərliyi altında “Taliban” 1990-cı illərin ortalarında Əfqanıstanın böyük bir ərazisinə nəzarəti ələ keçirib. Məhəmməd Həsən Axund 1996-2001-ci illərdə “Taliban”ın hakimiyyəti dövründə Baş nazirin müavini və xarici işlər naziri vəzifəsini tutmaqla yanaşı, Qəndəhar əyalətinin valisi olub. O, 2011-ci ildə öldürülən Molla Ömərə siyasi müşavirlik edib. 2009-cu ildə “Taliban” Şurasının üzvü, sonra onun sədri olub. BMT 2001-ci ilin yanvarından ona sanksiya tətbiq edib. Qruplaşmanın başqa bir lideri Əbdül Qəni Bəradər və Əbdül Salam Hənəfi isə Baş nazirin müavinləri, “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, “Haqqani şəbəkəsinin” banisi Siracəddin Haqqani daxili işlər naziri, Əmir Xan Müttəki xarici işlər naziri, Əbdül Haqq Vasik kəşfiyyat naziri, “Taliban”ın sözçüsü Zəbiullah Mücahid mədəniyyət və informasiya naziri, Mövləvi Nurullah Munir təhsil naziri, Məhəmməd Hənif iqtisadiyyat naziri, Məhəmməd İdris isə Mərkəzi Bankın direktoru təyin edilib.
Yeri gəlmişkən, yeni hökumətin tərkibi elan edilməzdən bir gün əvvəl “Taliban” Pəncşir əyalətini nəzarətə aldıqdan sonra qruplaşmanın sözçüsü Zəbiullah Mücahid Əfqanıstan ərazisində hərbi əməliyyatlar başa çatdığını bildirib. Doğrudanmı Əfqanıstanda atışma olmayacaq, qaçqınlar vətənə dönəcək, yeni didərgin dalğasının qarşısı alınacaq? Pəncşirdə Əhməd şah Məsudun oğlu Əhməd Məsud “tələbələr”ə qarşı bir neçə həftə müqavimət göstərdi. O, Əfqanıstan əhalisini “Taliban”a qarşı birləşib mübarizə aparmağa çağırdı. Bunun ardınca müqavimət və partizan hərəkatı da elan edildi. Yerli jurnalistlərin bildirdiyinə görə, Pəncşir əyalətində humanitar fəlakət yaşanır: “Qadınlar, uşaqlar və qocalar dağlarda, vadilərdə gizlənib. Minlərlə insan həyatı aclıq və soyuqla üz-üzədir”. “Taliban” isə Pəncşirdə xaosun qarşısının alındığını və təhlükəsizliyin bərpa olunduğunu bildirib: “Biz insanların evlərinə qayıtmasına çalışırıq. Onların təhlükəsizliyinin təmin olunmasını təmin etmək məqsədilə 400-dən çox mücahid (“Taliban” - S.İ.) Pəncşirdədir. “Taliban” artıq Qüdrətullah Pəncşirini əyalətə başçı təyin edib.

Əfqanıstanda əvvəllər müqavimət göstərən başqa bir lider Əbdül Rəşid Dostumdur. O, devrilmiş Prezident Məhəmməd Əşrəf Qəni hakimiyyətinin “Taliban”a qarşı mübarizəsindən razı qalmadığını müsahibələrində eyham vurmuşdu. Bu baxımdan onun başçılıq etdiyi siyasi və hərbi qüvvənin də hələlik sakit qaldığı müşahidə olunur. Deməli, belə görünür ki, taciklər və türklər (özbəklər, türkmənlər, qırğızlar, hezarilər (xəzərlər)) “Taliban”a qarşı silahlı müqaviməti dayandırıb. “Əl Qaidə” hələlik “tələbələr"ə qarşı çıxış edənə oxşamır. “İŞİD Xorasan” isə Kabildəki hava limanında partlayış törətdikdən sonra yaddaqalan aksiya keçirməyib.

 “Taliban” Rusiya, Çin və başqa qonşularla sıx münasibət qurmaqda maraqlı olduğunu bəyan edərək bu amilin ölkədəki proseslərə təsirini və nüfuzunu azaltmağa, yaxud neytrallaşdırmağa çalışır. O, yeni hökumətin təqdimat tədbirinə Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətəri dəvət etdiyini açıqlasa da, onların bəziləri belə bir dəvət almadıqlarını bildirib.
“Tələbələr” Əfqanıstan İslam Respublikasının köməkçi atributlarını, bayraq və himni də belə tezliklə dəyişmək niyyətində olmadığını açıqlayıb. Onlar bunun ikinci dərəcəli iş olduğunu qeyd edirlər. Bununla belə, “tələbələr” dövlət binalarının üzərində “Əfqanıstan İslam Xilafəti”nin bayrağını sancıblar. Odur ki, perspektivdə atributların dəyişəcəyi istisna olunmur.

Əfqanıstandakı 20 illik hakimiyyətin əsas müxalifəti “Taliban” sayılırdı. Ancaq “tələbələr"ə müxalif olacaq potensial siyasi səhnə rəngarəngdir. Onların qarşısında maraqları təmin edib Əfqanıstan vətəndaşlarının etimadını qazanmaq, onları qaçqınlıq həyatından xilas etmək kimi çox ciddi problemlər durur. Ölkəyə nəzarəti ələ keçirən bu silahlı-siyasi qüvvə bəyanatları ilə özünü “yeniləşən Taliban”, “yeni Taliban” kimi göstərməyə çalışır. Hələlik Bağdaddakı kimi, Əfqanıstanda da sakitlikdir. Bunun davam etməsi “yeni Taliban”dan və xarici amillərdən asılıdır. Odur ki, “Taliban” hərbi əməliyyatları bitmiş saysa da, istəklər tükənmir...

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}