Sumqayıtda avtobuslarda və qapalı məkanlarda reydlər keçirilib.-FOTO
DİN-dən Şəffaflıq.az-a verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.
Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib. Qapalı məkanlarda maskadan istifadə etməyən şəxslər müəyyən edilərək onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirləri görülüb.
Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda, şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Facebook-da paylaş