Tərəvəz yüklənmiş yüzlərlə avtomobil gömrükdə qalıb – Hökumət sahibkarlara necə dəstək verə bilər?
Fermerlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, hazırda gömrük-keçid məntəqələrində tərəvəz yüklənmiş 500-dən artıq avtomobil dayanıb.
Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.
Görünür ki, Rusiya tərəfi bundan çox avtomobili qəbul etmir. Bu baxımdan da xüsusilə Şəmkirdən, Göyçaydan və Cəlilabaddan Rusiyaya göndərilən meyvə-tərəvəzlər və bostan məhsulları yollarda xarab olur. Bundan da itirən təbii ki, fermerlər olur.
Bu il üçün fermerlərin xərcləri də əvvəlki illərlə müqayisədə xeyli artıb. Belə ki, daşınma məsrəfləri iki dəfə bahalaşıb. Əvvəllər 2200-2400 dollara bir maşın məhsul aparmaq mümkün idisə, hazırda bu rəqəm 4500-5000 min dollar arasında dəyişir. Bundan başqa dərman preparatlarında, istixanalarda istifadə edilən suyun qiymətində də xeyli artım var.
İstehsal olunan məhsulların sahibkarların əlində qalması onların gələcəkdə daha ciddi problemlərlə üzləşəcəyindən xəbər verir. Əksəriyyətinin banklar qarşısında öhdəlikləri olan fermerlər mövcud vəziyyətdən çıxıması üçün onların dövlətin ciddi dəstəyinə ehtiyacı varr. Bəs hökumət hansı addımları atmalıdır?
İqtisadçı Qubad İbadoğlu təklif edir ki, ilk növbədə ixrac bazarları şaxələnməlidir, Rusiyadan müstəsna asılılıq aradan qaldırılmalıdır.“Odur ki, yeni bazarlara çıxış imkanları araşdırılmalı, fermerlərə alternativ satış bazarları təklif olunmalı və yeni bazarlara çıxış stimullaşdırılmalıdır”,-deyə o qeyd edib.
İqtisadçı bildirib ki, Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının daşınmasında alternativ variantlardan, xüsusilə də dəmiryol nəqliyyatından istifadə edilməlidir. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının bazasında emal sənayesi inkişaf etdirilməlidir. Eyni zamanda fermerlərə, onların mallarını bazarlara çıxaran şirkətlərə özlərindan asılı olmayan səbəblərdən dəyən zərərlərin bərpası üçün sığorta mexanizmləri tətbiq olunmalıdır.
“AzPolitika.info”
Facebook-da paylaş