Zəngəzur dəhlizinə KTMT sülhməramlıları göndərilməlidir – Arkov

Ermənistan parlamentinin yeni tərkibi seçilənə qədər və yeni Nazirlər Kabineti formalaşdırılanadək rəsmi İrəvanla istənilən danışıqların aparılmasının mənası yoxdur. Hazırki vəziyyətdə Ermənistanda populizm getdikcə güclənir.
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyindən konstruktivlik gözləməyə dəyməz:
“Nikol Paşinyan isə ümumiyyətlə sözlərindən asanlıqla imtina etməsi ilə məşhurdur. İndi də utanmadan, gözlərini döyərək bəyan edir ki, Zəngəzur dəhlizinin yaradılması məsələsi üçtərəfli formatda müzakirə olunmayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə yerüstü əlaqə əldə etməsi o danışıqların və üçtərəfli bəyanatın əsas mövzulardan biridir. Çünki Zəngəzur dəhlizi mövzusu Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasındakı Laçın dəhlizi mövzusu ilə bilavasitə bağlı idi. Qeyd etmək vacib olar ki, Azərbaycan tərəfi Laçın dəhlizi ilə əlaqəli bütün öhdəliklərini yerinə yetirməyə davam edir. Hazırda bu dəhlizin təhlükəsizliyi isə Rusiya sülhməramlıları tərəfindən təmin olunur.
Ermənistan rəhbərliyinə Qarabağ klanı qayıdacğı təqdirdə, Zəngəzur dəhlizi məsələsinin, ümumiyyətlə, danışıqlar yolu ilə həll edilməsi mümkün olmayacaq. Bakıda bunu çox gözəl anlayırlar. Azərbaycan tərəfi bilir ki, İrəvanın bu qeyri-müəyyənliyi ucbatından yeni silahlı münaqişə baş verə bilər. Bunun qarşısını almaqdan ötrü Bakı müzakirə olunan ərazi üzərində nəzarəti indidən əldə etmək qərarına gəlib”.
Ermənistanın KTMT-yə müraciəti mövzusundan danışan ekspert təşkilatın şübhəsiz ki, reaksiya verəcəyini bildirib.
O qeyd edib ki, bu reaksiya əlbəttə ki, hərbi üsulla olmayacaq: “Ermənistanın özü, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın simasında Azərbaycana Laçın dəhlizinin formalaşmasına cavab addımı kimi Naxçıvan MR ilə yerüstü əlaqələrin formalaşdırılmasına razılıq verib.
Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altında Laçın dəhlizi fəaliyyət göstərir. Bu dəhliz vasitəsi ilə erməni millətindən olan sakinlər bölgəyə qayıda biliblər və Ermənistanla humanitar əlaqələr həyata keçirilir.
Buna görə də, birincisi, KTMT-nin hər iki tərəfi Zəngəzur dəhlizi məsələsini yalnız sülh yolu ilə həll etməyə çağıracağını gözləmək məntiqlidir.
İkincisi, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün Zəngəzura KTMT-nin himayəsi altında sülhməramlı qüvvələr qrupu göndərilməlidir”, - deyə Arkov bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}