Ölkənin şimal-qərb istiqamətində enerji təchizatı təkmilləşdirilir
Son bir il ərzində Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 16 yarımstansiya yenidən qurulub, iki yeni yarımstansiya tikilərək istismara verilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, iki yeni yarımstansiyanın isə istismara verilməsi istiqamətində son tamamlanma işləri aparılır. Hava elektrik veriliş xətləri və transformator məntəqələri yenilənir.
Xüsusilə kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və KTM-lər yenilənir. Son bir il ərzində dörd yaşayış massivinin 0.4 kV-luq şəbəkəsi izolyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0.4 kV-luq şəbəkədə yenidənqurma işlər aparılıb.
Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətyanı sahələrdən çıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur.
Qeyd edək ki, Şimal-Qərb RETSİ-si üzrə 202 261 əhali, 19 531 qeyri-əhali olmaqla, ümumilikdə 221 792 abonent elektrik enerjisi ilə təchiz edilir.
“Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin struktur tərkibindəki Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik Şəbəkələrinin xidməti ərazilərində olan istehlakçıların, xüsusilə də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə genişmiqyaslı işlər davam edir.
Facebook-da paylaş