Çin Azərbaycana 150 min doza vaksin göndərdi


 

Səhiyyə Nazirliyində Çin tərəfindən Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim aktının imzalanma mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə səhiyyə nazirinin müavini Viktor Qasımov, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış edib.

Tədbiri açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov Çin tərəfinin nümayəndələrinə ölkəyə gətirilən vaksinlərə görə minnətdarlığını bildirdi.

Çinin etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini, COVID-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı.

Çinin fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında Çin Xalq Respublikası Hökumətinin Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150 000 doza peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə etdi.

Səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğuladı.

Səfir Qo Min Çin və Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd etdi.

XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən COVID-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə etdi. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini məmnunluqla qeyd etdi.

Ramil Rzayev Azərbaycan və Çin arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırdı. O, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini əminliklə qeyd edərək, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha da genişlənəcəyini vurğuladı.

Tədbirin sonunda Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil-Təslim Aktları”nı imzalandı.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}