ABŞ sanksiyaları Putinin çevrəsindəki iri oliqarxlara uzanır
Hüquq müdafiəçiləri indi də Abramoviç, Şuvalov, Usmanov və Tokarevin cəzalandırılmasını istəyirlər
ABŞ Helsinki komissiyasının rəhbərləri-demokrat senator Ben Kardin, respublikaçı senator Rocer Uiken və konqresmen Co Uilson Co Bayden administrasiyasını rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnıya daha çox dəstək verməyə çağırıblar.
Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Helsinki komissiyasının “Twitter” səhifəsində məlumat yayılıb.
Burada ABŞ qanunvericiləri Aleksey Navalnının sağlamlığına yaranan təhlükədən bəhs edib, habelə onun rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondunun başına gətirilən oyunlardan danışırlar.
Bəyanatda Bayden administrasiyasının Vladimir Putin və onun müttəfiqlərinin opponentlərini müxtəlif vasitələrlə qorxutmaq siyasətinə görə ağır bədəl ödəməli olduğu qeyd edilir.
Sənəddə Rusiya prezidentinə yaxın biznesmenlər sayılan Roman Abramoviç, Alişer Usmanov, İqor Şuvalov və Nikolay Tokarevin sanksiyalarla cəzalandırılması tələb olunur.
Bəyanatda adı keçən şəxslərin Aleksey Navalnın antikorrupsiya araşdırmalarının “qəhrəmanları” olaraq keçdiyi vurğulanır. Bundan başqa Korrupsiya ilə mübarizə fondunun rəhbərlərindən Vladimir Aşurkov da onların adlarının sanksiya siyahısına salınmasının vacibliyini bildirib.
Konqresmen Uilsonun sözlərinə görə, Kreml öz hərəkətləri ilə Rusiya xalqına ikrah münasibətini nümayiş etdirir. “Bu Vladimir Putinin hakimiyyətdə qalmaq üçün son cəhdidir və o, nəticədə uğursuzluğa düçar olacaq”,-deyə o söyləyib.
“Helsinki komissiyası” və ya başqa adı ilə “Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiya” Birləşmiş Ştatlarda rəsmi hökumət təşkilatı olub, ATƏT-ə üzv olan ölkələrdə insan hüquqlarına əməl olunmasını izləyir. Komissiyanın tərkibinə ABŞ-ın nüfuzlu senatorlar, habelə Nümayəndələr palatasının üzvləri və administrasiyanın yüksək rütbəli məmurları daxildir.
Facebook-da paylaş