AZAL London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun “Hitrou” hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.
AZAL-dan verilən məlumata görə, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.
AZAL aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 8-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq (çərşənbə axşamı və şənbə günləri).
Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir.
Bakı-London istiqaməti üzrə reysin sərnişinləri:
- Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalıdılar.
- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar.
Eyni zamanda, Böyük Britaniyaya səyahət edən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.
London-Bakı istiqaməti üzrə reysin sərnişinləri:
- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalıdırlar.
- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar.
Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Şəffaflıq.az
Facebook-da paylaş