Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Rusiyada iqtisadiyyatı son illər sabit qrafik cızmır. Xalq hökumətin sosial siyasətindən narazıdır. Bu haqda yazı hazırlayan “Lec Echos” inflyasiyanın sentyabrda keçiriləcək Duma seçkilərində Kremlə ciddi əngəl yaradacağını düşünür.
Şəffaflıq.az xəbər verir ki, Fransa qəzeti ərzaq qiymətlərinin çox yüksəlməsinin Rusiyada böyük narazılıq dalğası yaratmasından yazıb. Müəllif Benjamen Kenel vəziyyətin heç yaxşı olmadığından bəhs edib.
“Rusiya prezidenti ictimaiyyət qarşısında nazirləri və qubernatorları tənqid edir. Sosial vəziyyət birdən-birə siyasi məsələyə çevrilib. Sabitlik pozulub. Hökumət şəkərin qiymətini tənzimləmək qərarına gəlib. Pərakəndə satış qiyməti kiloqram üçün 46 rublu keçməməlidir. Qazanc itkisinə görə kompensasiya üçün subsidiyalar nəzərdə tutulub. Amma hökumətin müdaxiləsi də istehsalın inkişafını dayandıracaq. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da fərqli düşünmür. Amma Kreml indi qiymətlərin dondurulmasından başqa yol fikirləşmir”.
“Les Echos”un yazısında fevralda son beş ilin ən böyük inflyasiyasının yaşandığı yazılıb. Ərzaq qiymətlərinin kəskin yüksəlməsi 6 faizlik inflyasiya ortaya qoyub. Hökumət özü üçün 4 faizlik maksimum limit müəyyənləşdirmişdi.
“Hər il əhalinin gəlirləri azalır. 2020-ci ildə azalma 3.5 faiz olub. Yoxsulluq həddində yaşayan rusların sayı isə artır. Əhalinin 13 faizi bu vəziyyətdədir. Pulsuz yemək paylayan təşkilatların qarşısında uzun növbələr yaranır”.
Politoloq Yekaterina Şulman Fransa qəzetinə deyib ki, rus xalqının qiymətlərin daha da artmasına və aşağı məvacibə dözümü qalmayıb. Bu isə hökumət üçün prioritet məsələyə çevrilir.
Yazının müəllifi Kenel hesab edir ki, Vladimir Putin indi daha çox sosial yardımlar haqqında danışmalıdır. Çünki 2000-ci illərin əvvəlində Rusiya prezidenti sadə insanların rəğbətini məhz bu istiqamətdəki addımları ilə qazanmışdı. Pandemiya dövründə isə insanlar hökumətin dəstəyini yetərincə hiss etmədi.
Politoloq Yekaterina Şulman da bu fikirlə razılaşır. Kreml narazılıq dalğasının daha çox böyüməsini istəmirsə, sosial yardımlar paketini ortaya qoymalıdır.
Facebook-da paylaş