QMİ Ramazan ayının başlayacağı tarixi açıqlayıb - Fətva
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, QMİ-nin Mətbuat xidmətindən verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar fətva müzakirə olunub.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin ünvanına daxil olan məktubun mətni oxunub.
Məktubda deyilir: “Məlumat üçün bildirmək istərdik ki, Sizə təqdim olunmuş 1442-1443-cü hicri-qəməri (2021-ci il miladi) təqvim layihəsində tərəfimizdən təkrar aparılmış araşdırma nəticəsində Azərbaycan ərazisində təzə Ayın (hilalın) görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i aprelin 14-dən başlaması təsdiqlənib. Odur ki, 14 aprel tarixini Ramazan ayının birinci günü kimi qəbul etmənizi ali diqqətinizə çatdırıram.
QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva qəbul edib. Fətvada deyilir: “Müqəddəs Kitabımız Qurani-Şərifdə Allah-Təala bizlərə buyurur: “Sizlərdən (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar...” (Bəqərə,185).
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bildiririk ki, bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprelə təsadüf edəcək.
Möhtərəm qardaş və bacılar! Biz bu ilin Ramazan ayına qalib xalq, 30 illik işğala son qoymuş Vətən müharibəsində Zəfər çalmış millət kimi qədəm qoyuruq. Bizə bu səadəti yaşatdığına görə Azərbaycan dindarları Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəyliyinə, dövlət-xalq birliyinə güvənən Müzəffər Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə hər zaman dualar edir, qələbələrimiz üçün Uca Allaha həmd-sənalar edirlər. Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət, qazilərimizə şəfa diləyirik. Ərazi bütövlüyümüzün bərpa edilməsi, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraitinin qurulması və vandalizmə məruz qalmış dini məbədlərin, o cümlədən, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə müzəffər dövlət liderimiz Zati-aliləri Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir və onlar üçün xeyir-dualar edirik.
Biz builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.
Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bir daha bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.
Bəzi hədisi-şəriflərdə qeyd olunur ki, Allah orucu zənginlər imkansızların halından xəbərdar olsunlar deyə vacib buyurulub. Orucluqda iftar süfrələri açmağı niyyət etmiş şəxslərin bunun əvəzinə yardım etməsi, həmin vəsaitin imkansız və ehtiyacı olan insanlara xeyriyyə məqsədi ilə sərf edilməsi daha məqbul və savab olub, orucun fəlsəfəsinə uyğundur.
Oruc ibadətini hökm edən Mərhəmətli və Rəhim Allah buyurur ki, səfərdə olan, xəstə olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.
Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir.
Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Uca Allaha təvəkkül edərək özümüzü, yaxınlarımızı qorumalı, əməl, dua və ibadətlərimizlə salamatlığın bərqərar olmasına nail olmalıyıq.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Biz xalqımıza təqvimin internet versiyasından istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olan, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
İnşallah, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkr.
Qazılar Şurası xalqımıza tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun. Duaların qəbul olunduğu mübarək Ramazan ayında Azərbaycan dindarları dövlət rəhbərliyinin - Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin uğurları yönündə fədakar fəaliyyətinə, hökumətimizin misilsiz səylərinə Uca Allahdan rəvac diləyirlər! Qadir Allah doğma Azərbaycanımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin!
Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!”
İclas cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.
Facebook-da paylaş