"Aqrar Mühəndislər" layihəsinin icrasına start verilir
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Aqrar Mühəndislər” layihəsinin icrasına və iştirakçıların qeydiyyatına start verilib.
Şəffaflıq.az xəbər verir ki, "Aqrar Mühəndislər" layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan gənclərin aqrar sahəyə cəlb olunması, kənd təsərrüfatı sahəsində kadr potensialının artırılması və daha səmərəli istehsal sistemlərinin təşviq edilməsidir. Layihə müddətində gənclər mühəndislik texnologiyası biliklərinin aqrar sahədə tətbiq edilməsi haqqında geniş nəzəri və praktiki biliklər əldə edəcəklər.
Layihə 5 mərhələdə həyata keçirələcək. Layihənin ilk mərhələsində aqrar mühəndislik, layihələrin hazırlanması və idarə olunması üzrə təlimlər keçiriləcək. İkinci mərhələdə aqrar sahədə istehsal və emal müəssisələrinə ekskursiyalar təşkil olunacaq. Üçüncü mərhələ aqrar sahədə aktual mövzular üzrə müzakirələrə həsr olunacaq. Dördüncü mərhələdə ideyaların layihə formatında hazırlanması və münsiflər heyətinə təqdim edilməsini ehtiva edir. Layihənin sonuncu, beşinci mərhələsində isə seçilmiş gənclər üçün özəl və ya dövlət şirkətlərində qısamüddətli təcrübə proqramında iştirak etmək şəraiti yaradılacaq. Layihənin bütün mərhələlərini uğurla bitirən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Layihə əsasən gənclərə (tələbələrə) ünvanlanıb və maraqlananlar onlayn formada təqdim olunan link (https://bit.ly/39aMwMq) vasitəsilə 31 mart 2021-ci il saat 23.59-a kimi müraciət edə bilərlər.
Layihə çərçivəsində bəzi tədbirlər “COVİD-19” pandemiyası səbəbindən onlayn formatda təşkil olunacaq.
Regionlarda aqrar sahənin inkişafının təşviqi, gənclərin bu sahəyə cəlb olunmasının təşkili, kənd təsərrüfatında kadr potensialının inkişafına dəstəyin göstərilməsi məqsədilə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi 11 iyul 2018-ci il tarixində təsis edilib və 13 noyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilat fəaliyyətə başladığı gündən aqrar sahə ilə bağlı mütəmadi tədbir və layihələr icra edir.
Layihə və müsabiqə ilə bağlı Ramiz Sultanova ([email protected]) müraciət edə bilərsiniz.
Facebook-da paylaş