Türk dövlətləri könüllülərinin həmrəylik görüşü baş tutub
19 mart tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi”nin (National Volunteer Network) birgə təşkilatçılığı və beynəlxalq əməkdşlığı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə könüllülərinin iştirakı ilə “Zoom” platforması üzərindən Novruz bayramına həsr olunmuş həmrəylik görüşü keçirilib.
Türk dövlətlərinin könüllüləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və könüllülük sahəsində əməkdaşlığın inkişafı məqsədilə baş tutan görüşdə sözügedən dövlətlərin könüllü təşkilatlarının nümayəndələri və könüllüləri iştirak ediblər.
Görüş ölkələri təmsil edən nümayəndələrin çıxışları ilə başlayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, “National Volunteering Network”un icraçı direktoru Tatyana Mironyuk, Qırğızıstanın Qızıl Aypara könüllülərinin koordinatoru Güljamal Jumadilova, Özbəkistanın Könüllülər Assosiasiyanın direktoru Şirin Abidova, eləcə də Türkiyənin Gənclər və İdman Nazirliyinin şöbə müdiri Erkan Şamiloğlu çıxış edərək könüllüləri Novruz bayramı münasibətilə təbrik edib, ölkələr arasında birlik və həmrəyliyin daha da güclənməsi məqsədilə belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.
Daha sonra təmsilçilər öz ölkələrində könüllülüyün növləri, təşkilatlarının fəaliyyət istiqamətləri, eyni zamanda, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan müxtəlif layihə və tədbirlər haqqında məlumat verib, öz təcrübələrini bölüşüblər.
Görüş könüllülər tərəfindən hazırlanmış Novruz ənənələrini əks etdirən əyləncəli təbrik videoçarxlarının nümayiş etdirilməsi ilə davam edib.
Sonda könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində müxtəlif təkliflər müzakirə edilib.
Şəffaflıq.az
Facebook-da paylaş