“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalını Şamaxı şəhərində davam etdirib.-FOTO/VİDEO_YENİLƏNİB.
Şəffaflıq.az xəbər verir ki, şəhərin Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlar “Nağaraçalanlar”, “Pirqulu” instrumental ansamblının maraqlı ifalarını dinləyiblər. Festivalın zəngin yaradıcılıq proqramını Xalq çalğı alətləri orkestri və xor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət musiqi məktəbinin şagirdlərinin yaddaqalan tədqimatları maraqlı edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin özünəməxsus çıxışları ilə davam edib.
2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlayıblar. Şagirdlərin ifasında şairin obrazı canlandırılıb, qəzəlləri qiraət ustalarının təqdimatında səsləndirilib.
Qeyd edək ki, proqrama müvafiq olaraq Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və Şamaxı rayon İcra Başçısının rəhbərliyi ilə festivalın sərgi hissəsinə baxıblar.
Şəffaflıq.az bildirir ki, regionlardan gələn qonaqları Şamaxı Rayon icra Başçısı Tahir Məmmədov salamlayaraq hər bir rayonun özünə məxsus əl işləriylə tanış olub.
Sərgidə misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr nümayiş etdirilib. Burada, həmçinin çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı təşkil olunur.
Vahid İsmayılov
Şəffaflıq.az
Facebook-da paylaş