Ən böyük asteroid martın 21-də Yerə ən yaxın məsafədən keçəcək
Martın 21-də 2001 FO32 asterodi Yer kürəsinə ən yaxın məsafədən keçəcək.
Şəffaflıq.az NASA-ya istinadən xəbər verir ki, 1.25 mln. mil (2 mln. km) məsafədən keçməsi proqnozlaşdırılan səma cisminin 2021-ci ildə Yer kürəsinə yaxınlaşan ən böyük asteroid olacağı proqnozlaşdırılır.
Qeyd olunub ki, asteroid yerə 2 mln. kilometrdən daha artıq yaxınlaşmayacaq, bununla belə, elm adamları üçün önəmli araşdırma fürsətləri təqdim edəcək. Bu məsafə isə Yerlə Ay arasındakı məsafədən 5.2 dəfə çoxdur.
“Biz 2001 FO32 asteroidinin Günəş ətrafındakı orbital hərəkətini çox dəqiqliklə bilirik və onu 20 il öncə kəşf edildiyi vaxtdan etibarən izləyirik. Asteroidin yerə 1.25 mln. mildən (2 mln. km) daha artıq yaxınlaşmaq şansı yoxdur. Bununla belə, bu məsafə astronomik baxımdan yaxın sayılır və bu səbəbdən də ona “potensial təhlükəli asteroid” ünvanı verilib”, - deyə NASA-nın Kaliforniyadakı Yaxın Yer Obyektləri Elmləri Mərkəzinin (CNEOS) direktoru Paul Xodas bildirib.
Məlumata görə, Yerə yaxınlaşarkən asteroid saatda 124 min km. sürətlə hərəkət edəcək və bu əksər asteroidlərdən daha sürətli olacaq. Bundan sonra asteroid bir də 2052-ci ildə yerə ən yaxın nöqtədən – 2.8 mln. km məsafədən keçəcək ki, bu da Yerlə Ay arasındakı məsafədən 7 dəfə çox olacaq.
Qeyd edək ki, 2001 FO32 asteroidi 2001-ci ilin martında ABŞ-ın Nyu Meksika ştatının Sokorro şəhərində Linkoln Yaxın Yer Asteroid Araşdırmaları (LİNEAR) proqramı tərəfindən kəşf edilib. Optik hesablamalara əsasən, asteroidin təxminən 1 km. genişliyində olduğu ehtimal edilib. NEOWISE tərəfindən aparılan son araşdırmalar isə 2001 FO32 asteroidinin diametrinin 1 kilometrdən az olduğunu, təxminən 440-680 metr olduğunu göstərib.
Martın 21-də astronomlar asteroidin diametri, albedosu (səthinin parlaqlığı, reflektivliyi və s.), həmçinin tərkibi barədə daha dəqiq məlumat əldə edə biləcəklər. Asteroid orbitini 810 gündə tamamlayır.
Facebook-da paylaş