Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq"
Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.
“Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edərkən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinə, xüsusilə də söhbət benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən gedir.
"Burada istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun",- deyə komitə sədri bildirib.
İqtisadçı Natiq Cəfərli bununla əlaqədar açıqlamasında bildirib ki, təbii ki, rüsum artarsa, qiymətlər də artacaq. Onun fikrincə, bu sahədə “zopa siyasətinə” son qoyulmalı və stimullaşdırıcı tədbirlərə üstünlük verilməlidir.
“Burada sitimullaşdırıcı addımlar olmalıdır. İllərdir biz təklif edirik ki, əgər ölkənin avtomobil parkının yenilənməsini istəyirsinizsə, ekologiya ilə bağlı məsələ sizi doğrudan da narahat edirsə, hibrid, elektrik avtomobillərinin sıfır vergi ilə ölkəyə daxil olmasına imkan verin. Belə olan zaman həmin qaydalar effekli ola bilər.
Bu praktika bir çox ölkələrdə var. Amma paralel olaraq hibrid, elektrik avtomobillərinin sıfır rüsum və sıfır vergi ilə ölkəyə gətirilməsinə icazə verilməlidir. Belə bir stimullaşdırıcı qərar qəbul olunarsa, o zaman, Azərbaycanda avtoparkın yenilənməsi, müasirləşməsi, ekoloji standartlara cavab verməsi asanlaşar. Əgər doğrudan da hökumətin və Gömrük Komitəsinin əsas hədəfi ekoloji problemlərdirsə, bunun həlli üçün paralel addımlar atılmalıdır”.
İqtisadçının sözlərinə görə, köhnə maşınların rüsumunu qaldırmaq bunun həll yolu deyil.
“Bu zaman avtopark yenidən köhnələcək. Bu günə qədər xarab olub həyətlərdə qalmış maşınları insanlar düzəldəcəklər.
Nəticədə daha köhnə, təhlükəli maşınlar yollara qayıdacaq. Bu qərarın başqa nəticə verəcəyini düşünmürəm. Nə qədər çox bahalaşma olacaqsa, insanlar bir o qədər köhnə maşınlara yönələcək. Rüsum artacaqsa, daha köhnə və ucuz maşınları ölkəyə gətirməyə çalışacaqlar. Bu da ölkə avtoparkının daha da korlanmasına, ekoloji problemlərin artmasına səbəb olacaq. Lakin bu qərarla yanaşı hibrid, elektrik avtomobillərinin vergi və rüsumu sıfıra endirilərsə, o zaman bunun effektini görəcəyik. Bir neçə ilə Azərbaycanda hibrid, elektrik avtomobillərinin sayı artacaq və ekoloji problemlərin həllində də ciddi irəliləyişə nail olacağıq”,- deyə bildirib.
Şəffaflıq.az
Facebook-da paylaş