Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi
Heydər Əliyev Fondunun Dəstəyi ilə Ə.Qafarov Gülhanədə müalicə olunacaq
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ Müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir.
Belə ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərildi.
“Güllənin biri onurğamı zədələyib. Ayaqlarım hərəkətsizdir. Ona görə də, Türkiyəyə müalicəyə göndərirlər ayaqlarıma görə. Müraciət elədik, sağolsunlar baxdılar. Mehriban xanımın Allah canını sağ eləsin”, - Əzim Qafarov bildirib.
“Onurğa beyni zədələnib. Vəziyyəti nisbətən ağırdır. Heydər Əliyev Fonduna müraciət etdik. Sağ olsunlar yoldaşımın həyatını xilas edəcəklər.
Türkiyədə, Gülhanedə müalicəsini davam etdirməsi üçün köməklik göstərirlər”, - Qazinin həyat yoldaşı Ülviyyə Qafarova deyib.
Qeyd edək ki, qazi Əzim Qafarov Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaralanıb. Aldığı güllə yaraları nəticəsində mədə, dalaq, ağciyər, qaraciyər, döş qəfəsi və onurğası zədələnib, aşağı ətrafı iflic olub.
Şəffaflıq.az
Facebook-da paylaş