Ərdoğan kosmosa qadın astronavt göndərmək istəyir
Kosmik layihə çərçivəsində "kosmonavt" sözünə türkcə qarşılıq axtarılır və təkliflərdən biri də Azərbaycanın "Aybalam" ifadəsidir.
İndi Türkiyə mediasının əsas mövzusu ölkənin kosmosa astronavt göndərmək planıdır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramını açıqlayıb. Burada əsas diqqət çəkən məqamlardan biri 2023-cü ilə qədər Aya enməyin hədəf seçilməsidir.
Şəffaflıq.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan kosmik proqramla bağlı çıxışında ümumilikdə 10 hədəf müəyyənləşdirildiyini bildirib. O, cümhuriyyətin 100-cü ildönümündə kosmosa astronavt göndərmək planının əsas detallarını açıqlayıb. Ərdoğan 83 milyon vətəndaşdan dəstək istəyib. Onun “göy üzünə bax və gör” ifadəsi sosial mediada gündəm olub.
Sosial şəbəkələrdə həm də Türkiyənin kosmos yolçusunun adı ciddi müzakirəyə çevrilib. Çünki Ərdoğan “kosmonavt” ifadəsinin türk dilində qarşılığının tapılmasını istəyir. Müxtəlif versiyalar səslənir. Bunların arasında “Aybalam” xüsusi fərqləndirilir. İş orasındadır ki, Türkiyədə azərbaycanlıların danışıqda istifadə etdiyi “ay balam” ifadəsini çox sevirlər. İfadənin kosmik gəmiyə ad kimi təklif olunması çox maraqlıdır.
“Aybalam”dan başqa “Türkkonut”, “Seyyahfeza”, “Uçuk”, “Göktürk”, “Gökmen”, “Türkonot” variantları da var. MHP-nin sədri Dövlet Bahçeli isə “Cacabey” versiyasını dilə gətirib.
Türkiyənin Sənaye və Trexnologiya naziri Mustafa Varank da yeni proqram haqda danışıb. Nazir ölkənin üzərinə çox böyük missiya götürdüyünü deyib: “Bu işlər təkcə insan qaynağı və pul ilə olmur. Söhbət turist səfərindən getmir. Proqram elm missiyası daşıyacaq. Türkiyə vətəndaşlarına qürur yaşadacağıq”.
Varank Ərdoğanın bir istəyini də açıqlayıb. Nazirin dediyinə görə, dövlət başçısı Türkiyənin ilk kosmonavtının qadın olmasını istəyir.
Türkiyə mətbuatının yazdığına görə, Ərdoğanın açıqlamalarına Rusiya çox həssas yanaşıb. Şimal ölkəsi kosmik təqdiqatlar müstəvisində Türkiyə ilə iş birliyinə hazır olduğunu bildirib. “Roskosmos” bununla bağlı konkret açıqlama verib.
Türkiyə Kosmik Agentliyi 2018-ci ildə yaradılıb. Qərargahı paytaxt Ankarada yerləşən qurumun əsas işi milli kosmik proqramı həyata keçirmək olacaq. Agentliyin illik büdcəsinin hələlik 38 milyon lirə (təxminən 5.4 milyon dollar) olduğu bildirilir. Amma milli kosmik proqram büdcəni dəfələrlə artıracaq.
Facebook-da paylaş