Prezident bəzi məmurlardan narazıdır.

 Məmurlara ictimai nəzarətin gücləndirilməsi məsələsi aktuallaşır; deputat Fəzail Ağamalı: “Nə qədər cənab prezident bunları xalqa xidmət üçün çağırmalıdır?!”
Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında rayon sakinləri ilə görüşündə yerlərdə bəzi məmurların hələ də əhalinin problemlərinə laqeyd qaldıqlarını bildirib və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini yenidən gündəmə gətirib.
Prezident bildirib ki, əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir: “Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.
Qeyd edək ki, prezident İlham Əliyev ictimai nəzarət institutunun gücləndirilməsinin vacibliyini tez-tez gündəmə gətirir. Ekspertlər bildirir ki, bu təsadüfi deyil, çünki ictimai nəzarətin güclü olduğu dövlətlər inkişaf edir. Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur. Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin və şəxsən prezidentin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunun qüvvəyə minməsi məhz ictimai nəzarət institutunun formalaşması üçün idi. Bu qanunun qəbulu ilə dövlət və hökumət strukturlarının əksəriyyətinin yanında ictimai şuralar yaradılıb.
İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır. Lakin belə görünür ki, ictimai şuralar ictimai nəzarət funksiyasını heç də arzu olunan səviyyədə yerinə yetirmirlər.
Ekspertlər bildirir ki, ictimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları yaxından əməkdaşlıq edirlər.
İctimai nəzarətin güclənməsinin vacibliyi və bu mexanizmin necə qurulması ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirdi ki, bəzi məmurların vətəndaşlara laqeydliyi, işinin öhdəsindən layiqincə gələ bilməməsi problemi həqiqətən də var: “Təəssüf doğuran odur ki, dəfələrlə ölkə prezidentinin önə çəkdiyi, xüsusi diqqət verdiyi və özünü nümunə göstərdiyi bir davranış-xalqa xidmət məsələsi yenə də ayrı-ayrı məmurlar tərəfindən diqqətə alınmamaqdadır. Bəzi məmurların vətəndaşlara normal münasibət göstərməməsi problem olaraq hələ də qalır. Bu çox böyük təəssüf doğurur. Nə qədər cənab prezident bunları xalqa xidmət üçün bütün imkanlarını səfərbər etməyə çağırmalıdır?! Bu insanlar, nəhayət, nəticə çıxarmalıdırlar. Onlar həmin vəzifəyə ona görə təyin olunublar ki, o vəzifənin səlahiyyətləri çərçivəsində ölkə prezidentinin, Azərbaycan qanunlarının onların qarşısına qoyduğu vəzifələri yerinə yetirsinlər, xalqa yüksək səviyyədə xidmət göstərsinlər, onların problemlərini həll etsinlər və həmin problemlərin həlli məsələsi prezidentə qədər gedib çıxmasın. Axı prezidentin çiynində kifayət qədər yük var, dövlətin yetərincə həll olunası işləri var. Bu baxımdan mən düşünürəm ki, yerlərdə əhalinin problemlərinə biganə olan məmurlar nəticə çıxarmalıdırlar. Mən o fikirdə deyiləm ki, ölkədə bütün məmurlar işlərinin öhdəsindən gələ bilmirlər. Mənim sözlərim də bəzi məmurlara aiddir. Ölkəmizin prezidentinin iradlarından nəticə çıxarmaq lazımdır”.
F.Ağamalı qeyd etdi ki, prezidentin ictimai nəzarətin güclənməsi ilə bağlı dəfələrlə çağırışlarının şahidi olmuşuq və bu bir daha göstərir ki, ictimai nəzarət institutunun güclənməsi zəruridir: “İctimai nəzarətin güclənməsi məsələsində kütləvi informasiya vasitələrinin də üzərinə böyük yük düşür. Onlar ayrı-ayrı məmurların fəaliyyətindəki nöqsanları çəkinmədən gündəliyə gətirməli, ictimiləşdirməlidirlər. Vətəndaşlarımız isə fəal olmalı, qanunları bilməlidir. O zaman ictimai nəzarət güclənəcək və effektli olacaq. Ölkə prezidentinin çağırışı tamamilə demokratik cəmiyyətlərin ruhuna uyğun olan çağırışdır. Çünki ictimai nəzarət institutu güclü olan cəmiyyətlər daha inkişaf edir. Eyni zamanda QHT-lər də ictimai nəzarətin güclənməsində rol oynamalıdırlar. Həmçinin Milli Məclisin deputatları bu mexanizmin effektli olmasında rol oynaya bilərlər. Milli Məclisin deputatları ilə seçiciləri arasında hər zaman təmaslar, görüşlər olur. Seçicilər məruz qaldıqları problemlərlə bağlı deputatlarına müraciətlər edirlər və deputatlar ciddi xarakter daşıyan problemləri Milli Məclisin iclasında qaldırırlar. Bu da ictimai nəzarətin bir formasıdır. İctimai nəzarət institutunun güclü olması üçün ictimai şuralar yaradılması haqqında qanun qəbul etmişik. Bu qanun ciddi şəkildə işləməlidir. İctimai nəzarəti həyata keçirən ictimai şuralar icra strukturlarından asılı olmayan tamamilə müstəqil insanlardan təşkil olunmalıdır. Belə olmalıdır ki, ictimai şuralardakı insanlar nöqsanları üzə çıxarsınlar və onu müxtəlif instansiyalara çatdırsınlar, ictimailəşdirsinlər. Baxmayaraq ki, bir çox dövlət və qurumlarda ictimai şuralar yaradılıb, lakin bu sistem bütövlükdə ölkə miqyasında ciddi işlək vəziyyətə gətirilməlidir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}