İsmayıllı rayonunda Gənclər günü qeyd olunub
2 Fevral Gənclər günü ilə bağlı İsmayıllı rayonunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra icra hakimiyyətində görüş keçirilib.
Qeyd etmək istərdik ki, hər il Gənclər günü İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub. Bu il isə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq geniş tərkibdə keçirmək mümkün olmayıb. Ona görə də tədbirdə RİH başçısı ilə yanaşı rayon Gənclər İdman İdarəsi, İsmayıllı İntellektual Oyunlar klubu, YAP İsmayıllı Rayon Gənclər təşkilatı, İsmayıllı Rayon Karyera Mərkəzinin nümayəndələri və Vətən müharibəsi iştirakçısı olmuş idmançı gənclər iştirak edib.
RİH başçısı görüşdə iştirak edən gənclərin simasında bütün İsmayıllı gənclərini bu gün münasibətilə təbrik edib, həyatlarında uğurlar arzulayıb. Tövsiyə olaraq rayon rəhbəri qeyd edib ki, gənclər öz üzərlərində çalışmalı, ali təhsil almalı, müxtəlif peşələrə yiyələnməli, rayonun sosial – iqtisadi həyatında fəal iştirak etməlidirlər. Həmçinin o, qeyd edib ki, rayonda fəaliyyət göstərməsəniz belə, ölkənin müxtəlif yerlərində, hətta xaricdə olduğunuz təqdirdə İsmayıllını önə çəkin, təbliğ edin, rayonun potensialını üzə çıxarın və bölgəyə yeni investorların cəlb edilməsində öz töhvənizi verin. Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. İsmayıllı gəncləri də dövlət - gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.
Rayonun rəhbəri qeyd edib ki, vətən müharibəsində İsmayıllı gənclərinin torpağa bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qadir olduqları açıq şəkildə nümayiş olundu. Müharibənin aktiv fazası cəbhədə cərəyan etsə də, ondan kənarda baş verən proseslərin idarə olunmasına, zəfərə aparan digər siyasi və təşviqat-təbliğat yönümlu həmlələrin dəstəklənməsinə, nəticə etibarı ilə rayonun və dövlətin imicinə xeyir verən trendlərin formalaşmasına vəsilə olmaq, İsmayıllı gənclərinin qarşısında duran ən məsuliyyətli vəzifə idi.
44 günlük Vətən müharibəsi zamanı İsmayıllı gənclərinin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaətini qeyd edən rayon rəhbəri bildirib ki, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək “Biz birlikdə güclüyük” şüarını rayonumuzun gəncləri əsas götürüblər.
Çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Çıxışçılar ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirən rayonun rəhbərinə, gəncləri daim diqqətdə saxladığı və rayonda müxtəlif vəzifələrin tutulmasında gənclərə göstərilən etimad üçün təşəkkürlərini bildiriblər.
Gənclər rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar səmərəli təkliflər söyləyib, bu sahədə həmyaşıdlarını əmək və düşüncə fəallığına çağırıblar.
Tədbir çərçivəsində “2 Fevral Gənclər günü”nə həsr edilmiş filmə baxış keçirilib, sonra bir qrup fəal gəncə fəxri fərman, təşəkkürnamə və hədiyyələr təqdim edilib. Sonda rayonun rəhbəri gənclərlə birlikdə xatirə şəkli çəkdirib.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş