Trampın dövründə ABŞ-da silahlı zorakılıq vaqiələri maksimum həddə çatıbmış
ABŞ tarixində son 4 ilə qədər nə bu sayda silah alan olub, nə də odlu silahdan öldürülən... Bütün bunların baiskarı keçmiş prezident Donald Trampdır”.
Şəffaflıq.az xəbər verir ki, belə bir iddia Almaniyanın “Handelsblatt” qəzetinin yazarı Yannik Deters tərəfindən irəli sürülüb.
“Buffalo şəhərinin 35 yaşlı sakini bu il silahla qətlə yetirlən 2253-cü adamdır. Bir o qədər insan da ötən il eyni vaxtda öldürülüb. Özü də cəmi 20 gün ərzində...”,-deyə məqalədə qeyd olunur.
Müstəqil “Gun Violence Archive” təşkilatının apardığı araşdırmaya görə, 2021-ci ilin 20 günü ərzində Birləşmiş Ştatların ərazisində silahla 1230 intihar, 943 qəsdən adam öldürmə və özünü müdafiə zəminində zərərsizləşdirmə hadisəsi qeydə alınıb.
“Bütün bu rəqəmlər Trampın sosial və siyasi gərginlik yaratdığı, demokratik institutlara, prezidentlik prinsiplərinə ikrahla yanaşdığı, nəhayət, Konqresə silahlı hücumu özü ilə bərabər gətirən “2020-ci ilin mənzərəsi”ini göstərir. Sadalanan bu hadisələr silah satışını artırsa da, insanların təhlükəsizliyi təmin edilməyib, əvəzində isə ölümcül atəşlərin sayı çoxalıb”,-deyə yazıda bildirilir.
Müəllifin yazdığına görə, koronavirus pandemiyasının tüğyan etdiyi zamanda silahlı zorakılıq halları “yeni zirvələr fəth edib”. Belə ki, 2020-ci ildə ABŞ-da 19300 adam odlu silah vasitəsilə dünyalarını dəyişiblər. İntiharlarla birlikdə bu rəqəm 43 minə gedib çıxır.
Kolumbiya universtetinin eksperti Sonali Rayanın fikrincə, bu cür acı statistikanın səbəbini yalnız Trampa bağlamaq olmaz.
Burada pandemiyanın insanların davranışlarında oynadığı rolu da nəzərə almaq lazımdır. Təkcə koronavirus əleyhinə radikal qərarların alındığı 2020-ci ilin martında, yəni cəmi 1 ayda ABŞ-da 2 milyondan çox silah satılıb. Bundan başqa respublikaçıların hakimiyyəti zamanında sosial proqramlara və hüquq mühafizə orqanlarına ayrılası dövlət vəsaitləri başqa istiqamətlərə yönəldilib.
Nəticədə qadınlar öz evlərində daha çox təcavüzə məruz qalıb. Ölkədə polis zorakılığı və irqçi zəmində həyata keçrilən cinayətlərin də sayı artıb.
“Təkcə ötən il ABŞ-da təhlükəsizliyin təmin olunması ilə bağlı yaranan qeyri-müəyyənlik 8 milyon vətəndaşı silah almağa sövq edib və onlardan 40%-i qadınlardır”,-deyə məqalədə vurğulanır.
Bütün bunlardan ən çox karlı çıxan isə təbii ki silah firmalarıdır. Xüsusilə Tramp tərəfdarlarının parlamentə hücum çəkməsi silaha olan tələbatı çoxaldıb. ABŞ-ın iri silah şirkətlərindən “Ammo” özünün birja dəyərini 360% artırıb. Bu il firma satdığı silahlaırn dövrüyyəsinə görə cari maliyyə planını 300%(!) doldurduğunu bəyan edib.
Facebook-da paylaş