Azərbaycanla İran arasında mühüm sənəd imzalandı


 

Dünən Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İrana səfər edib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, səfər çərçivəsində Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb danışıqlar aparıb.

Görüşlər zamanı ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyətini vurğulayan İran rəsmiləri Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə təbriklərini çatdırıblar.

Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən İranın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan ediblər. Eyni zamanda, İran tərəfinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə olunub.

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası və keçirilən görüşlər zamanı iki ölkə münasibətlərinin gündəliyindəki məsələlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. İclasın yekununda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasının Anlaşma Memorandumu imzalanıb.

İranın Yol və Şəhərsalma Nazirliyində keçirilən görüş zamanı ölkələrimiz arasında yol-nəqliyyat və yüklərin daşınması sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, xüsusilə dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin imkanları araşdırılıb.

Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.

“Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunmuş, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}